Feb 6, 2013

Q-matic yoxsa "vizitkart" ?!


Bu yaxınlarda, daha doğrusu müsəlmanın “bu yaxını”, hardasa 2 aydan bir az uzun müddət bundan qabaq,  bir məsələ ilə bağlı şəhərimizdə olan bankların birinə baş çəkməli oldum. Bankın ofisinə daxil oldum və sıramı gözləmək üçün Q-maticdən (Q-net də deyirlər bəzən, sıranı bildirən çeki çap edən aparat) çekimi götürüb başladım sıramı gözləməyə. Içəridə kifayət qədər çox adam olduğundan fikirləşdim ki, banklarda Q-maticlər olmasaydı yəqin burda ara qarışıb məzhəb itmişdi, nə yaxşı icad imiş bu, hələ-hələ bizim kimi sıraya durmaqla, öz sırasını gözləməklə problemi olan cəmiyyətlər üçün.

Əl-qərəz oturub sıramı gözləyirəm, bu arada da tablodakı rəqəmlər də dəyişir və hər dəfə dəyişəndə də siqnal səsi ilə bildiriş eşidilir (bəzi şirkətlərdə isə sonrada rəqəmlərin kompyuter tərəfindən səslə deyildiyini müşahidə etdim) və əksəriyyət bir tabloda yazılan yazıya bir də əlindəki çekə baxır, içi mən qarışıq. Hətta tutalım ki, çekindəki rəqəm 267 olan, tablodakı rəqəm 250də olanda da bir öz çekinə baxır bir tabloya, 251, 252 və s ... beləcə davam edir bu sanki çekdəki rəqəm dəyişəcəkmiş kimi. Sonradan qərara gəldim ki bu psixoloji bir şeydir, heç kimin özündən asılı deyil, o çeklərdəki rəqəmlər 3 rəqəmli olur ən pis halda və bunu yadda saxalamaq elə də problem olmamalıdı, amma hər dəfə əksəriyyətimiz o çeklərə baxırıq. Axırıncı dəfə öz çekimə baxanda gördüm ki, çekdə yalnız bankın ismi, tarix və sıra nömrə(m)si göstərilib və kifayət qədər boş yer var, fikirləşdim ki niyədə bu boş yerlərə banklar öz saytlarını və ya qısa (3 və ya 4 rəqəmli) telefon nömrələrini yazmasınlar?! Yəni bu qədər baxırsansa bu çeklərə özündən asılı olmayaraq gözyaddaşı vasitəsilə bu kiçik yazılar (nömrə və ya sayt) yadda qalmalıdır. Elə bunu fikirləşə-fikirləşə sıram çatdı, xidmət əməkdaşına yaxınlaşdım və çıxandan sonra əlimi cibimə salanda gördüm çek cibimdə qalıb, yəni bunu heç müştərilərdən alıb yoxlamır şirkət işçiləri və beləcə yüzlərlə, minlərlə mənim kimi müştəri bu çekləri cibinə daşıyır bir müddət.
Qısa bir zaman sonra bu haqda blog yazısı yazmağı düşündüm (hansı ki indi oxuyursuz J ) və qəarara gəldim ki, bir müddət araşdırma aparıb bu Q-matic çeklərindən yığıb araşdırım görüm vəziyyət necədir digər banklarda və ya bu maşınlardan istifadə edən şirkətlərdə. Və qarşıma çıxan mənzərə əksər banklarda və telekomunikasiya şirkətlərində aşağıdakı kimi oldu. 


Amma bu sahədə fərqlənən şirkətlər də oldu:

 İlk öncə “Azərbaycan Beynəlxalq Bank”ı nəzərimi cəlb etdi, digər şirkətlərin çekindən 2 dəfə böyükdür çeklərin ölçüsü və üzərində sayt və qısa-nömrə yazılıb amma qeyd olunub ki, “bu nömrə və ya sayt vasitəsilə qeydiyyatdan keçib növbədə dayanmamaqdan azad ola bilərsiniz”. Belə təəssürat yaranır ki, yalnız bu məqsad üçün istifadə etmək olar göstərilən kontaktları və həddindən artıq yazı yazılıb, kifayət qədər qatışıqlıq var çekdə.
Növbəti diqqətimi çəkən “Nar Mobile” oldu hansı ki, çekin üzərində heç şirkətin ismi də çap olunmamışdı və bu da kifayət qədər boş yer demək idi J nələrisə qeyd etmək üçün.
Ən diqqət çəkən mən deyərdim ki “UniBank”ın çekləri oldu, hansı ki üzərində qeyd var idi “place for your advertisement” yəni “sizin reklamınız üçün yer”. Reklam üçün məncə çox uğursuz bir yerdi, kimsə ciddi bir məbləğ verib öz reklamını o kiçik çeklərdə çap etdirməz, kiçik məbləğlərlə isə yəqin “UniBank” razı olmaz. Yaxşı olardı ki məsələn “UniBank” orada öz qısa nömrəsini və ya elektron ünvanlarını qeyd edərdi. Bu gün “Unibank”ın müştərilərinin neçə faizi bankın kontaklarını əzbər bilir?!
Yəni insanların tez-tez bu çeklərə nəzər salması və üzərindəki qeydləri özlərindən asılı olmadan yaddaşlarında saxlamaları və bu çeklərin ciblərdə “daşınması” onlardan “vizitkart” kimi istifadə etməyə imkan verir, hansı ki, çox cuzi xərc çəkməklə (əlavə yazı əlavə rəng işlənməsi deməkdir)  sadəcə Q-matici çekləri məhz üzərində kontakt çap etməsinə nizamlamaq olar. Məncə bu haqda düşünməyə dəyər.

No comments:

Post a Comment